Qurban kəsmək istəyən şəxsin Zül-Hüccənin hilalını gördükdən sonra dırnaqlarını və saçını kəsməsinin hökmü

Written by



Dəyərli və əziz müsəlmanlar, bilirsiniz ki, bir neçə gün sonra Zül-Hiccə ayına girəcəyik in şə Allah.Bu ayda az qala bütün müsəlmanların unutduğu bir sünnət vardır.O sünnət budur.Qurban kəsməyə niyyət edən bir şəxs Zül-Hiccə girəndən etibarən qurbanını kəsənə qədər saçını və dırnağını kəsməməsidir.Buna görə də qurban kəsmək istəyən müsəlman Zül-Hiccə ayı girmədən saçını qısaltmalı və dırnaqlarını kəsməlidir.
Fəqihlər qurban kəsmək istəyən şəxsin Zul –Hiccə ayının hilalını gördükdən sonra dırnaqlarını və saçını kəsməyinin hökmündə bir neşə görüşə ayrılmışlar.Onlardan bəziləri aşağıda zikr edəcəyimiz görüşlərdir.
Birinci görüş : Qurban kəsmək istəyən şəxsin Zul –Hiccə ayının hilalını gördükdən sonra dırnaqlarını və saçını kəsməməsi vacib kəsməsi isə haramdır. Fərqi yoxdur istər qurbanı özü kəssin və yaxud bu işi etmək üçün bunu başqasına həvalə etsin, fərq etməz.Bu görüş Hənbəli məzhəbinin mötəməd görüşü[1], Şafilərdə bir görüş[2], İbn Hazm[3], İbn Qayyim[4] ,müasirlərdən İbn Baz[5] və İbn Useyminin[6] görüşüdür.Həmçinin İshaq bin Rahaveyhi,Davud bin Ali,Əbu Səur,Əuzai və Səid bin Museyyibin görüşüdür.
Mansur əl-Buhuti əl-Hənbəli (رحمه الله) Kəşşəful-Qinə 3/23 kitabında belə demişdir : "Kim qurban kəsmək istəyərsə Zül-Hüccənin on günü daxil olarsa ona və onun əvəzindən qurban kəsəcək şəxsə qurban kəsincəyə qədər saçından , dırnağından və bədənindən hər hansı bir şeyi götürməsi haramdır."
Dəlilləri :
Ummu Sələmə (رضي الله عنها)rəvayət edir ki, Rasulullah (صلى الله عليه وسلم) belə demişdir: “Kimin qurban kəsmək üçün qurbanlıq heyvanı varsa, Zül Hiccənin təzə ayı göründükdə, qurbanını kəsənə qədər saçından və yaxud dırnaqlarından bir şey götürməsin.”[7]
Hədisin zahiri qadağanı gərəkdirir, qadağa isə haramlığı gərəkdirir. Ummu Sələmənin hədisi xüsusidir Aişə anamazın (رضي الله عنها) hədisi isə ümumidir.Xüsusi hökm ümumi hökmün önünə keçirilir.Həmçinin Ummu Sələmənin hədisi Rasulullahın (صلى الله عليه و سلم) sözü Aişənin (رضي الله عنها) hədisi isə feilidir.Rasulullahın (صلى الله عليه و سلم) sözü xüsusilik ehtimalı olduğuna görə felinin önünə keçirilir.
İkinci görüş : Qurban kəsmək istəyən şəxsin Zul –Hiccə ayının hilalını gördükdən sonra dırnaqlarını və saçını saxlaması müstəhəb kəsməsi məkruhdur. Bu görüş Məliki [8],Şafi[9] və Hənbəli məzhəbində bir görüşdür[10].Həmçinin Həsən əl-Bəsirinin görüşüdür.
Dəlilləri :
Ummu Sələmə (رضي الله عنها)rəvayət edir ki, Rasulullah (صلى الله عليه وسلم) belə demişdir: “Kimin qurban kəsmək üçün qurbanlıq heyvanı varsa, Zül Hiccənin təzə ayı göründükdə, qurbanını kəsənə qədər saçından və yaxud dırnaqlarından bir şey götürməsin.”[7]
Aişə (رضي الله عنها ) dedi : Mən Rasulullahın (صلى الله عليه وسلم ) qurbanlıq heyvanlarının iplərini öz əllərimlə hördüm.Sonra Rasulullah (صلى الله عليه وسلم ) öz əlləri ilə heyvanların boynuna nişan taxdı, Daha sonra onları atamla (Məkkəyə ) göndərdi.Buna rəğmən, qurbanlıq heyvanları kəsilənədək Allahın Öz rasuluna (صلى الله عليه وسلم ) halal buyurduğu şeylər ona haram edilmədi.[11]
Bu görüşün sahibləri belə demişlər : Rasulullah (صلى الله عليه وسلم) qurbanlıq göndərməsinə rəğmən heçnə haram qılınmadı.Qurbanlıqları göndərmək qurban kəsməyə niyyət etməkdən daha çox bir şeydir .Rasulullah (صلى الله عليه وسلم) özünə qadağan olan şeyi heç bir zaman etməzdi.Nassları cəm etdikdə görürük ki, buradakı qadağa kərahətə həml edilir.
Üçüncü görüş : Qurban kəsmək istəyən şəxsin Zul –Hiccə ayının hilalını gördükdən sonra dırnaqlarını və saçını kəsməsi mübahdır.Saxlaması nə müstəhəb nə də vacibdir.Bu görüş Hənəfi məzhəbinin görüşüdür.

Yazdı : Əbu Fadl 

Allahu Alim va Sallallahu alə nəbiyyinə Muhəmməd va alə Əlihi va Sahbihi əcməin.
-----------------------------------------------------------------------
[1]əl-İnsaf 4/79, Kəşşəful-Qinə 3/23, əl-Muğni 9/436
[2]əl-Məcmuu 8/391,392
[3]əl-Muhəlla 7/355
[4]Əunul-Məbud 7/491
[5]Məcmuul-Fətəva libni Baz 18/39
[6] Şərhul-Mumti alə Zədil-Mustəqni 7486
[7] Muslim 1977
[8] ət-Təcu val-İklilu 4/380, əz-Zəxira lil-Qərrafi 4/141
[9] əl-Məcmuu 8/391 , əl-Həvi əl-Kəbir lil-Məvaridi 18/5/74
[10] əl-Muğni 9/436, əl-İnsaf 4/79
[11] əl-Buxari 1700, Muslim 1321

Hiç yorum yok: