Qədərə İman

Written by


Qədərin Mərtəbələri.

Müsəlman,qəza va qədərə olan imanı gerçəkləşdirməsi  üçün,aşağıda zikr edəcəyimiz dörd mərtəbəni özündə cəm etməlidir.Müsəlmanın Qədərə xeyri və şərri ilə birlikdə iman etməlidir.Bu şəkildə qədərə iman edərsə o zaman doğru şəkildə iman etmiş olar.Yalnız bu dörd mərtəbəni özündə cəm edən insana, qəza və qədərə həqiqi şəkildə iman etmişdir deyilər.

Birincisi : Elm. Allahın əzəli elmi ilə yaratdıqlarının nə edəcəyini bilməsinə iman etməkdir. Yəni, Allahdan heç bir şey gizli qalmır. Mövcud olan bir şeyi mövcud olmadan öncə də Allah bilirdi.

Allahu taələ belə buyurmuşdur : { Həqiqətən, Allah hər şeyi bilir.} Ənfal surəsi 75

Başqa ayədə Allahu təalə belə buyurmuşdur : {Məgər bilmirsən ki, Allah göydə və yerdə olanları bilir? Həqiqətən, bu, Yazıda (Lövhi-məhfuzda) mövcuddur. Şübhəsiz ki, bu, Allah üçün asandır.}Həcc surəsi 70

Hafiz İbn Kəsir (rahiməhullah) demişdir : “{Məgər bilmirsən ki, Allah göydə və yerdə olanları bilir?} Həqiqətən də O, əşyaları var olmadan öncə bilib, təqdir edib və yazmışdır. Bu Allahın elminin kamilliyindəndir. Qullar etdikləri əməlləri etmədən öncə hansı şəkildə edəcəklərini Allah bilir.Yaratmadan öncə bilir ki, bu öz istəyi ilə itaət edəcək və bu öz istəyi seçimi ilə asi olacaqdır.Onu öz qatında yazmış və hər şeyi elmi ilə əhatə etmişdir.Bu Onun üçün çox asandır.Buna görə də belə buyurmuşdur : {Şübhəsiz ki, bu, Allah üçün asandır.}
Təfsirul-Quranil Azim 5/452

Allahu təalə bu ayədə elminin kamilliyi haqqında xəbər verir.Həqiqtən də O, yerdə və göydə olan hər şeyi elmi ilə əhatə etmişdir.Yerdə və göydə zərrə qədər bir şey və zərrədən  böyük və ya kiçik olsun Ondan gizli qalmaz. Çünki Allahu təalə bütün kainatı o var olmadan öncə də bilirdi və onu Lövhu Məhvuza yazmışdır.

Səhih Müslimdə sabit olduğuna görə Abdullah bin Amr bin əl-As (radıyallahu anhu) rəvayət edir ki, Rəsulullah (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur : “Allah məxluqatın (qəza və qədərini) göyləri və yeri yaratmamışdan əlli min il əvvəl yazmışdır. Ərşi də suyun üzərində idi”
Muslim 6919

İkinci : Allah təalənin məxluqatın qədərini öncədən əzəli elmi ilə  Lövhü-məhfuza yazmasına iman etməkdir. Yəni,baş vermiş, baş verəcək və Qiyamətə qədər olacaq   elə bir şey yoxdur ki, o, lövhü-məhfuzda yazılmasın.

Allahu təalə belə buyurmuşdur : {Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl, o,  Yazıda olmasın. Şübhəsiz ki, bu Allah üçün çox asandır. }
Hədid surəsi 22

Sünən kitablarında səhabə topluluğundan (radıyallahu anhum) rəvayət edilir ki, Rəsulullah (sallallahu aleyhi və səlləm ) belə buyurmuşdur : “Heç şübhəsiz ki, Allahın ilk yaratdığı şey qələmdir”. Ona: “Yaz!” deyə buyurdu. Qələm: “Ya Rəbbim! Nə yazım”dedi. Allah: “Qiyamətin qopacağı vaxta qədər hər bir şeyin qədərini yaz! Kim Qədərin xeyrinə və şərrinə iman gətirməzsə Allah onu odda yandırar”deyə buyurdu.

Tirmizi 2308,3637, Əbu Davud 4702, Musnəd 5/317.

İkinci mərtəbə özlüyündə bir neçə yerə bölünür.

Birincisi, əzəli qədərdir. Bu, daha genişdir. Baş vermiş və baş verəcək hər şey Lövhü-məhfuzdadır. Yəni,yer və göy yaradılmadan öncə baş vermiş bütün hadisələr, cənnət əhlinin cənnətə və cəhənnəm əhlinin cəhənnəmə daxil olmasına qədər, eləcə də ondan sonra baş  verəcək hər bir şey lövhü-məhfuz yazısındadır.

İkincisi, ömürlük qədərdir. Bu, ana bətnində embrion halında ikən başlayır.

Abdulla bin Məsud (radıyallahu anhu )rəvayət edir ki, doğru sözlü və doğru sözü təsdiq olunan Rəsulullah (səllallahu aleyhi və səlləm ) belə buyurmuşdur : “Sizdən hər birinizin yaradılışı onun anasının qarnında qırx gün nütfə şəklində olaraq bir yerə gətirilir. Sonra bu müddət qədər aləqa şəklində olur. Sonra yenə bu müddət qədər mudğa şəklində olur. Sonra ona bir mələk göndərilir, mələk ona ruh üflədikdən sonra dörd xüsusiyəti yazmaqla əmr olunur. Ruzisini, əcəlini, əməlini, bədbəxt və ya xoşbəxt olacağını.”
Buxari 6594 və Muslim 6893

Hədisdə ifadə olunan,bir şəxsin qəza və qədərinin təqdir olunmasıdır və Lövhü-məhfuzda olandan daha təfsilatlıdır.

Üçüncüsü, Qədr gecəsindən yazılan bir illik qədərdir.

{Hər bir hikmətli iş o (gecədə) ayırd edilir * dərgahımızdan vəhy edilən əmr ilə.}Duxan surəsi 4,5 .

Ərəbcədə fihə (فيها) deyə zikr olunur, yəni ,Qədr gecəsində insanın qədəri ayırd edilir.

{O gecə Rəbbinin izni ilə mələklər və Ruh hər işə görə yerə enirlər.}Qədr surəsi 4

 Əbdur-Rəzzaq Qatədədən belə dediyini rəvayət etmişdir : "Bir ildən digər ilə qədər nə baş verəcəyinə hökm olunur. Yəni,bir il ərzində baş verəcəklər həmin gecə yazılır.

Dördüncüsü, Günlük qədər : Günlük qədər də ömürlük  və illik qədərdən daha təfsilatlıdır.
{Göylərdə və yerdə olan hər kəs (ehtiyacı olan şeyi) Ondan diləyir. O hər gün bir işdədir.}
Rahmən surəsi 29
 {O hər gün bir işdədir} yəni : Günahları bağışlayır, hüznləri aradan qaldırır və s.

Üçüncü mərtəbə: Allahın istəməsi. Allahın istədiyinin baş verəcəyinə , istəmədiyinin də baş verməyəcəyinə iman etməkdir.
Allah təalə belə buyurmuşdur : {O, istədiyini edəndir . }Buruc surəsi 16

 Allahın istədiyi hər şey baş verməlidir və Ona mane olan bir şey də yoxdur.
{Bir şeyi yaratmaq istədikdə ona təkcə :"Ol!" deyər , o da olar.}Yasin surəsi 82

Allahın istəməsi iki qismə bölünür. Kövni iradə və şəri iradə.
Allahu təalə belə buyurmuşdur : {Əgər Allah sizi azdırmaq istəyirsə , mən sizə nəsihət vermək istəsəm belə nəsihətim sizə fayda verməz.}Hud surəsi 34

Allah təalə kafirin azmasını istəmişdir .Bu Allaha sevimlidirmi?  Xeyr! Lakin baş vermişdir . Necə baş vermişdir ki, Allah o şeyi sevmir? Bəli, baş vermişdir.Niyə ? Çünki, Allahın istəməsi iki cürdür.

Kövni iradə və şəri iradə.

Kövni iradə odur ki,bir şeyi Allah sevir və ya sevmir, bununla yanaşı mütləq baş verir. Onun baş verməməsi mümkün deyildir. Bu, hər bir şeyə aiddir. İstər şərr olsun, istər də xeyir. Baş verən şeyin Allaha sevimli olması vacib deyildir.

{Allah fitnə fəsadı sevməz. }əl-Bəqərə surəsi 205
{Amma bəndələrinin küfr etməsi Ona xoş getməz.}Zümər surəsi 7

 Allah fitnə fəsadı və qullarının küfr etməsini sevmir,ancaq,bu baş verir.

Şəri iradə isə baş verən və ya baş verməyən, ancaq, Allahın sevib razı qaldığı, şəriət etdiyi  şeydir .

 Allahu təalə belə buyurmuşdur :
{Allah sizin tövbələrinizi qəbul etmək istəyir..}
Nisa surəsi 27
Allah tövbəni istəyir, yəni, sevir və razı qaldığı bir şeydir.

{Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər.}əl-Ənam surəsi 125

Allah istədiyini rəhməti ilə hidayət edir, istədiyini də hikməti ilə azdırır. 

{Allah gördüyü işlərə görə sorğu-sual olunmaz,onlar isə sorğu-sual olunacaqlar.}əl-Ənbiya surəsi 23
Yəni,Allah kamil hikmət sahibi olduğu üçün, gördüyü işlərə görə sorğu-sual olunmaz .Ancaq, məxluqat sorğu-sual olunacaqdır.

Qulun istəməsi və qüdrəti :
Əhli sünnəyə görə qulun öz fellərində iradəsi və qüdrəti vardır. Lakin,bu, Allahın qüdrəti və istəyinə müvafiqdir.Qul,Allahın istəmədiyi bir şeyə qadir deyil. Bu o demək deyil ki, qul öz felini yaradandır. Əksinə, faili də feli də yaradan Allahdır.

Uca Allah bu haqda belə buyurmuşdur : {Halbuki sizə də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!”}[Saffat surəsi 96]

Allahın rəhmətindəndir ki, quluna istəmək haqqı vermişdir. Ancaq o istək, Allahın istəyinə bağlıdır .Allahu təlaə belə buyurmuşdur  :
{Amma Allah istəməyincə , siz istəyə bilməzsiniz! }[İnsan surəsi 30]
Başqa ayədə : {Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!} [Təkvir surəsi 29]

İki ayədə də Allahu təalə qulların istəyini isbat etməkdədir.{siz istəyə} Yəni, fel  failə isnad edilirsə demək ki , o sifətlə sifətlənmişdir.Əgər desək ki, Qorxmaz orucdur, demək olarmı ki, o oruc tutmadan orucdur ?Cavab, Xeyr! O zaman, qulun istəyi sabitdir. {Amma Allah istəməyincə, } yəni sizin istəyiniz var, ancaq, başlı başına deyilsiniz,sizin istəyiniz Allahın istəyinə bağlıdır.

Zəlalət əhli olan Qədərilər və Cəbriyyə ekolu bu məsələdə iki əks tərəflərdir.Qədərilər qulun öz felində istək və qüdrətinin isbatında həddini aşaraq-“Qədər yoxdur. Qul öz əməlinin yaradıcısıdır.” dedi.
Cəbriyyə isə, Qulun etdiyi әmәldә istәyi vә qüdrәti әlindәn alınır (qul әmәlindә istәksiz vә qüdrәtsizdi). Qulu fellərini işləyərkən halını, tük küləyin qarşısında əsdiyi hal ilə eyni etdilər.

Əhli sünnə, "qulun istək və qüdrəti" mövzusuna  həmçinin iman və küfrü də əlavə etmişdir.Hansı ki, bu, qulun əməlidir və onun qarşılığını həqiqi şəkildə alacaqdır.Allah yaradandır,qul yaradılan. Allah hidayət edəndir,qul hidayət olunan və ya azan. Hidayət Allahdandır, hidayətə tabe olmaq quldan.
Allahu təalə belə buyurmuşdur :
-"Bu, aləmlərə yalnız bir nəsihətdir –sizlərdən doğru (yolda) olmaq istəyənlər üçün."
Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!" [Təkvir surəsi 27-29]

Allahın izni olmadan qul hidayət olunmaz və aza bilməz.
-"Bilin ki, Allah insanla onun qəlbi arasındadır (onun istəyinə çatmasına mane ola bilər)."[Ənfal surəsi 24]

Digər ayədə:
-"Allah istədiyini azdırar, istədiyini isə düz yola yönəldər."[əl-Ənam surəsi 39]

Allah kimi hidayət edəcəyini, kimi azdıracağını və kimə rəhm edəcəyini yaxşı bilir. Bu barədə Allahu təalə belə buyurmuşdur:
-"Rəbbin heç kəsə haqsızlıq etməz!" [Kəhf surəsi 49]

-"Doğru yolla gedənlərə gəldikdə isə, (Allah) onlara hidayətini artırar və onları təqvalı olmağa müvəffəq edər."[Muhəmməd surəsi 17]

Allah, azması gərəkəndən başqasını azdırmır. Allah təlaə belə buyurmuşdur:
-"Lakin O, bununla yalnız fasiqləri zəlalətə düçar edir." [əl-Bəqərə surəsi 26]

Qədərə imanın mərtəbələrindən dördüncü mərtəbə isə  : Allahın yaratmasıdır. Yəni, yerdə və göydə bütün məxluqatın yaradıcısı Allah olduğuna və Ondan başqa yaradıcı olmadığına iman etməkdir.

{Allah hər şeyin Xaliqidir. }əz-Zümər surəsi 62
 {O, bütün şeyləri xəlq etmiş və onlara münasib  bir biçim vermişdir.} Furqan surəsi 2

Hər iki ayadə də "كل" ifadə olunur, yəni "hər" kəliməsi,ümumiliyi bildirən bir ifadədir. Necə ki, Allah hər şeyi bilir, eləcə də Allah hər şeyin Xaliqidir,Ondan başqa yaradıcı yoxdur.
Əhli sünnə bütün qulların felləri istər xeyir olsun,istər də şərr,hamısı Allahın məxluqu olduğuna inanır. Yəni, insanın oturub-qalxması, yeməsi, içməsi, hamısı məxluqdur.
Buna başqa dəlil isə,Qurani Kərimdə İbrahim aleyhi sələmin dediyidir:
- { Sizi və sizin düzəltdiklərinizi də Allah yaratmışdır.}

 "Sizi və sizin etdiklərinizi" bu, insanın əməllərinin məxluq olmasına  nasdır (dəlildir).

Xülasə olaraq :

1-Yaratmadan öncə əzəli elmi ilə yaratdıqlarının nə edəcəyini bilir.

2- Yeri və göyü yaratmadan öncə öz qatında bir kitabda yazmışdır.

3- Allahın elmindən heç bir şey kənara çıxmadığı kimi,Onun istəyindən heç  bir şey kənara çıxa bilməz!

4- Onun özünü yaratdığı kimi, onun hər bir felini də Allah yaratmışdır . Ondan başqa yaradıcı yoxdur!


Yazdı : Əbu Fadl Azəri

Hiç yorum yok: