Qar və yağışda namazları cəm etmək

Written by



QAR , LEYSAN YAĞIŞLAR YAĞDIĞINDA VƏ ŞİDDƏTLİ KÜLƏKLİ SOYUQ HAVADA? NAMAZLARIN CƏM EDİLMƏSİ HAQQINDA ALİMLƏRİN GÖRÜŞLƏRİ.

Bismilləh vas-Salət vas-Sələm alə Nəbiyyinə Muhəmməd va alə əlihi va əshabihi əcməin.
Azərbaycanda çox tez tez leysan yağışları sonra isə palçıq olduğundan və həmçinin şiddətli küləklər əsdiyinə görə istədim sizinlə bu görüşləri paylaşım.Belə hava şəraiti olduqda namazları cəm edib etməməkdə tərəddüd etməyəsiniz.Mövzu ilə əlaqədar yalnız üç məzhəbin (Maliki, Şafi və Hənbəli) görüşləri zikr olunub. Kim hansı məzhəbin görüşləri ilə əməl edirsə oxusun və əməl etsin.Hənəfi məzhəbinin görüşlərini zikr edilməməsinin səbəbi onlar yalnız Ərafətda zöhrlə əsri Muzdəlifədə məğriblə işanı cəm etmək həcc edən şəxsin haqqında caizdir deməkləridir.

Səhih Buxari və Muslimdə keçən İbn Abbas (رضي الله عنهما ) rəvayət etdiyi hədisə dayanaraq Malikilər, Şafilər və Hənbəlilərdən ibarət alimlərin cumhuru qar, leysan yağışlar yağdığında və soyuqda məğrib və işanı cəm etmək caizdir demişlər.

İbn Abbas (رضي الله عنهما ) belə rəvayət etmişdir:

" أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى بِالْمَدِينَةِ سَبْعًا وَثَمَانِيًا الظُّهْرَ وَالْعَصْرَ، وَالْمَغْرِبَ وَالْعِشَاءَ."

"Rasulullah (صلى الله عليه وسلم ) Mədinədə zöhrlə əsri və məğriblə işanı birləşdirərək yeddi rükət və səkkiz rükət namaz qıldı."
Səhih əl-Buxari 543

Muslimin rəvayətin də isə İbn Abbas belə demişdir :

"صَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الظُّهْرَ وَالْعَصْرَ جَمِيعًا وَالْمَغْرِبَ وَالْعِشَاءَ جَمِيعًا فِي غَيْرِ خَوْفٍ وَلاَ سَفَرٍ. "

"Rasulullah (صلى الله عليه وسلم ) səfər və qorxu olmadığı halda zöhrlə əsri və məğriblə işanı birləşdirərək namaz qıldı. "
Səhih Muslimdə 1662

Yalnız Maliki və Hənbəli alimlərinə görə yağış və ya buna bənzər səbəblərə görə zöhr və əsr namazlarını cəm etmək caiz deyildir.Çünki məğrib və işa vaxtı qaranlıq olduğundan məşəqqət daha çoxdur.
Ancaq Şafi alimlərinə görə yağış və ya buna bənzər səbəblərə görə zöhr və əsr namazlarını cəm etmək caizdir.Çünki namazların cəm edilməsinə səbəb yağışdır.Fərq etməz bu səhər və ya axşam olsun.
Həmçinin yağışın davamiyyətli şəkildə yağıb yağmaması bilinmədiyində Maliki məzhəbi və Şafilərin yeni görüşünə görə cəmut-təxir (yəni zöhrü əsrin vaxtında qılmaq ) deyil yalnız cəmu təqdim (Yəni əsri zöhrün vaxtında qılmaq ) caizdir.Hənbəlilərə və İmam əş-Şafinin köhnə məzhəbinə görə səfərdə olduğu kimi yağış yağdığında da cəmut-təxir etmək caizdir

Maliki və Şafi alimləri yağışlı havada namazları cəm etmək üçün əlavə olaraq iki şərt qoymuşlar.Birinci şərt: Yağış birinci namazda salam verilib ikinci namaza başlayanda da yağmalıdır.
İkinci şərt isə bu rüsxət yalnız məsciddə camaat namazı ilə keçərlidir.Evdə olduğunda namazlarını cəm edə bilməz.Bu görüş Hənbəli məzhəbində bir görüşdür. ‍Hənbəli məzhəbinin racih görüşünə görə qar, leysan yağışlar yağdığında və soyuqda evdə tək və ya məsciddə camaatla qılmaq arasında heç bir fərq yoxdur.Çünki rüsxət ümumidir.

PALÇIQLI HAVADA NAMAZLARI CƏM ETMƏK.
Maliki,Şafi alimlərinin bəziləri və Hənbəli məzhəbinin səhih olan görüşünə görə palçıqlı hava şəraiti də yağış kimi eynidir.Bu halda da cəm etmək caizdir. Ancaq Maliki və Şafi məzhəbinin mötəməd görüşünə görə tək palçıqlı hava şəraitinə görə namazlarını cəm etmək olmaz.

ŞİDDƏTLİ KÜLƏKLİ HAVAYA GÖRƏ NAMAZLARI CƏM ETMƏK.
Hənbəli məzhəbinin racih görüşünə görə axşam soyuq və şiddətli küləkli havada namazları cəm etmək caizdir.Çünki belə hava şəraiti cümə və camaat namazını tərk etmək üçün üzrlü səbəbdir.
Hənbəli məzhəbinin İkinci görüşündə küləkli havaya görə namazları cəm etmək mübah deyildir. Çünki yağışlı havada olan məşəqqət küləkli havada yoxdur.Küləkli havanı yağışlı hava ilə bir tutmaq doğru deyildir.
Maliki və Şafi alimləri də şiddətli küləkli havaya görə namazları cəm etmək caiz görmürlər.Çünki şiddətli küləkli hava Rasulullah (صلى الله عليه وسلم ) zamanında da olardı.Ancaq Rasulullahın (صلى الله عليه وسلم ) bu səbəbdən namazları cəm etdiyi rəvayət olunmamışdır.

Namazları cəm etmək üçün bəzi üzrlü səbəbləri zikr etdikdən sonra istərdim ki, cəmut-təqdim (ilk vaxtda cəm etmək ) ilə cəmut-təxirin (son vaxtda cəm etmək) şərtlərini açıqlayım.Çünki bir çox müsəlman cəmut-təqdim və cəmut-təxirin və şərtlərinin nə olduğunu bilmirlər .Bəziləri zənn edə bilər ki , cəm etmək caizdirsə istədiyim zaman istədiyim şəkildə cəm edə bilərəm.Xatırladım ki, cəm ediləməsi icazəli olan zöhrlə əsr və məğriblə işa namazıdır. İstər ilk vaxtda, yəni zöhrün və ya məğribin, istərdə son vaxtda, yəni əsrin və ya işanın vaxtında qıla bilər.Demək istədəyim namazları cəm etmək caizdir deyən cumhuru uləma namazları ilk vaxtda qılmaq üçün dörd şərt qoymuşlar.

Birinci : İlk öncə zöhr və məğrib namazı ilə başlanılmalıdır.Yəni birinci zöhr sonra əsr.Həmçinin birinci məğrib sonra işa namazı qılınmalıdır.Çünki birinci vaxt onun vaxtıdır. İkinci namaz isə ona tabedir.Tabe olan tabe olunanın önünə keçirilməz.

İkinci şərt niyyətdir. Birinci namazı qılmağa başlayanda niyyət etmək lazımdır.Şafilərə görə birinci salam anında və ümumiyyətlə namaz əsnasında niyyət etmək caizdir.

Üçüncü : Cəm edilən iki namaz ard-arda qılınmalıdır.İkisi arasında uzun fasilə verilməməlidir.Qısa ara vermək də bir problem yoxdur.Ancaq iki namaz arasında çox vaxt ara verərsə və ya iki arasında yatar , nafilə namaz qılar və ya hər hansısa iş başını qatarsa cəm batil olar.Az və ya çox vaxt keçib keçməməsi məsələsinə şəriətdə qəti bir ölçü qoyulmadığından başqa məsələlərdə olduğu kimi bu məsələdə də örfə baxılar.Bəzi Şafilər və Hənbəlilər az vaxt dedikdə dəstəmaz və ya iqamə vaxtı qədər ara verə bilər demişlər.

Dördüncü: Birinci namaza cəm etməyə başladıqda olan üzrün ikinci namazı bitirənə qədər də davam etməsi şərtdir.Məsələn birinci namaza iqamə verib niyyət etdikdə və ya birinci namaz əsnasında bəldəsinə çatarsa və ya iki namaz arasında muqim olarsa üzrün aradan qaldığına görə cəm etməsi batil olar.Belə olduqda ikinci namazı öz vaxtında qılması vacib olar.

Son vaxtda cəm etməyin şərtləri isə aşağıdakı kimidir :
Son vaxtda cəm etməyin səhih olması üçün ilk vaxt çıxmadan namazı cəm etməyə niyyət etmək şərtdir.Əgər niyyət etmədən gecikdirərsə günahkar olar və birinci namazın vaxtı çıxdığına görə qəza edər .Şafilər son vaxtda cəm etmək üçün iki namaz tamamlanana qədər səfərin davam etməsini şərt qoşmuşlar.Əgər namaz əsnasında muqim olarsa birinci namaz qəza olar.
Hənbəlilər son vaxtda cəm etmək üçün ikinci namazın vaxtı girənə qədər səfərin (və ya başqa üzrün) davam etməsini şərt qoşmuşlar.Bundan sonra isə təsir etməz, Səfərin və ya hər hansısa üzr ikinci vaxtın girməsindən sonra aradan qalxsa da cəm səhihdir.

Salləllahu alə Nəbiyyinə Muhəmməd.

Yazdı : ✏ Əbu Fadl Azəri 

Hiç yorum yok: