ALLAHA İMAN

Written by

İmanın 6 əsasından birincisi, Allaha olan imandır. Bu iman,digər iman əsaslarının zirvəsidir. Allaha iman, əsasların əsası olduğuna görə Qurani Kərimdə 720 yerdə zikr olunmuşdur.
Allahu təalə belə buyurmuşdur : {Odur ki, Allaha və Onun elçilərinə iman gətirin! Əgər iman gətirib (Allahdan) qorxsanız, sizə böyük bir mükafat verilər.}Ali İmran surəsi 179

Həmçinin Allaha iman bir çox hədis kitablarında da keçmişdir.
Rasulullah (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur : “Allaha və axirət gününə iman edən kimsə, qonşusuna əziyyət etməsin! Allaha və axirət gününə iman edən qonağına ikram etsin! Allaha və axirət gününə iman edən kimsə, ya xeyir söyləsin, ya da sussun!”
Buxari 6110, Muslim 47

Allaha iman özündə dörd şeyi ehtiva edir.
1) Allahın varlığına,
2) Allahın rububiyyətinə,
3) Allahın uluhiyyətinə,
4)və Allahın gözəl İsim və uca sifətlərinə təkyif ,təşbih ,təmsil , tətil  və təhrif etmədən iman etməyi gərəkdirir.

Allahın varlığı fitri ,əqli ,nəqli və hissi dəlillərə əsaslanır.

1)Fitri : Hər bir insan doğulanda fitri olaraq İslam dini üzərində olur və bilir ki,onu bir yaradan var.

Rasulullah (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur : “Hər bir insan islam üzrə doğulur, lakin, sonradan valideyinləri onu ya nəsrani, yəhudi və ya məcusi (atəşpərəst) edirlər".
📚əl-Buxari,📚Muslim

Buradakı hədisdə fitrətdən məqsəd,hənif millətidir.Allaha şirk qoşmadan tək ilahlıq üzərinə olmaqdır.Bu da İslamdır.

2)Əqli dəlilə gəldikdə : İstər kiçik,istər də böyük olsun,bütün məxluqatın bir yaradıcısı olmasını gərəkdirir. Allahu təalə belə buyurmuşdur: {Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır?}Tur surəsi 35
Məsələn,insan səhrada bir “swatch” saatı taparsa,dərhal onun o şirkət tərəfindən istehsal olunduğunu və sahibinin onu səhrada itirdiyini düşünər.Heç bir ağıllı insan swatch” saatının səhrada öz-özünə yarandığını düşünməz.Saatı istehsal edən bir şirkətin var olduğuna inanan insanın, kamil şəkildə yaradılmış dünyaya,özünün yaradansız mövcud olduğuna və yaxud  öz-özünə yarandığına inanması axmaqlıdır.Əslində, insanın öz ətrafına baxması kifayət etməlidir.Çünki,heç bir məxluq özü özünü yarada bilməz.Bir yaradıcının olması vacibdir.O yaradıcı, aləmlərin Rəbbi olan Allahdır.
{Məgər onlar göylərin və yerin səltənətinə, Allahın yaratdığı hər şeyə, əcəllərinin yaxınlaşa biləcəyinə diqqət yetirmirlərmi? Bundan sonra hansı sözə inanacaqlar?}
Əraf surəsi 185

3)Şəri :
{Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır.}Əraf surəsi 54

4)Hissi dəlilə gəldikdə: sıxıntıya düşən insanların dua etdiklərində dualarının qəbul olunmasıdır.Həmçinin, peyğəmbərlərin möcüzələr göstərməsi, insanların bunu görməsi və eşitməsidir.Bir-birlərini təsdiq edən nəbi və rəsulları göndərən bir xaliqin olması lazımdır.O da aləmlərin Rəbbi  Allahdır.

Ardı var...

✍Əbu Fadl.

Hiç yorum yok: