Aşura gününün orucu ilə bağlı bəzi hökümlər və hikmətlər

Written by


Aşura günü məhərrəm ayının onuncu günüdür.O günlərdə oruc tutmaq elm əhlinin əksəriyyətinə görə müstəhəbdir. Aşura  gününün fəzilətini  göstərən bir çox hədis varid olmuşdur.O gün oruc tutmağın məşru olmasının  başlıca səbəbi  Allahu Təalə Musa (عليه السلام ) və  qövmünü xilas edib, fironu və qövmünü isə, batıraraq haqqı batil üzərində qalib etdiyi gündür.

İmam Buxari və İmam Muslim İbn Abbasın (رضي الله عنهما ) belə dediyini rəvayət edir: Rasulullah (صلى الله عليه وسلم ) Mədinəyə gəldi və yəhudilərin aşura günü oruc tutduğunu gördü və onlara dedi: “Oruc tutduğunuz bu gün nədir?” Dedilər: “Bu, əzəmətli bir gündür, Allah bu gündə Musanı və qövmünü xilas etmiş, fironu və qövmünü isə, batırmışdır, Musa da bu günü (Allaha) şükür olaraq oruc tutmuşdur, biz də bu gündə oruc tuturuq”. Rasulullah  (صلى الله عليه وسلم ) dedi: “Biz Musaya sizdən daha haqlı və daha yaxınıq”. Və Rasulullah (صلى الله عليه وسلم ) bu günü oruc tutdu və buna əmr etdi". [1]

DOQQUZUNCU və AŞURA GÜNÜNÜN ORUCU.

Aşağıda zikr olunan  hədislərə əsasən məhərrəm ayının doqquzu və onu oruc tutmağın sünnət olduğunda alimlər ittifaq etmişlər.
Rasulullahdan  (صلى الله عليه وسلم ) rəvayət olunan "Allahdan diləyirəm  ki, Aşura gününün orucu ilə keçən ilin günahlarını bağışlasın."[2]

Başqa hədisdə  Rasulullah  (صلى الله عليه وسلم ) belə buyurmuşdur : "Bu aşura günüdür.Allah bu günün orucunu sizə vacib buyurmamışdır.Mən bu gün orucluyam.Hər kim oruc tutmaq istəsə tutsun. Kimdə oruc tutmaq isətmirsə tutmasın. "[3]

Bir başqa hədisdə isə Rasulullah  (صلى الله عليه وسلم ) belə buyurmuşdur : "Əgər gələn ilə qalsam, doqquzuncu günü də oruc tutacam"[4]

Aşura orucu Ramazan orucundan əvvəl fərz idi.Daha sonra Ramazan orucu fərz qılınandan sonra nəsx olunmuşdur. Rasulullah  (صلى الله عليه وسلم ) aşura günü oruc tutmağı müsəlmanların seçiminə buraxmışdır.O gün oruc tutmaq istəyən tutar istəməyən şəxsdə tutmaz.

AŞURA GÜNÜNÜN ORUCU GÜNAHLARA KƏFFARƏDİR.

Yuxarıda hədislərdə keçdiyi kimi aşura gününün orucu öncəki bir ilin günahlarına kəffarədir. Kəffarə olacağı günahlardan məqsəd kiçik günahlardır.

əd-Dusuqi (رحمه الله )  demişdir: "Əgər kiçik günahları olmazsa , o zaman bir ilin günahları silinər.Bu şəkildə günahların silinməsi  Allahın lütfünə qalmışdır.Əgər böyük günahları olmazsa ,  o zaman axirətdə dərəcəsi yüksəldilər. "

Buhuti əl-Hənbəli  (رحمه الله ) demişdir : "ən-Nəvəvi Səhih Muslimin şərhində alimlərin belə dediyini demişdir : "Kəffarə olacağı günahlardan məqsəd kiçik günahlardır.Əgər kiçik günahları olmazsa o zaman ümid olunur ki, böyük günahlarından  yüngülləşdirilər.Əgər böyük günahları olmazsa axirətdə dərəcəsi yüksəldilər."

Doqquzu və ya on birinci gün oruc tutmadan yalnız aşura günü oruc tutmağın hökmü.

Hənəfilər doqquzuncu və ya on birinci günü oruc tutmadan yalnız  aşura günü oruc tutmağın məkruh olduğunu açıqlamışlar.

Hənbəli məzhəbi isə  yalnız aşura gününü oruc tutmağı məkruh görməmişlər.Məlikilərin sözlərindən anlaşılan da elə budur.

Aşuradan öncə doqquzuncu günü oruc tutmağın müstəhəb olmasının hikmətini alimlər bir neçə yöndən açıqlamışlar:

Birinci olaraq :Aşağıda zikr olunan hədisə əsasən bundan məqsəd yəhudilərə muxalif olmaqdır.Çünki onlar yalnız aşura gününü oruc tuturlar.
İbn Abbasdan  (رضي الله عنهما ) rəvayət olunduğuna görə Rasulullah  (صلى الله عليه وسلم ) belə buyurmuşdur : "Aşura günü oruc tutun. Və bunda yəhudilərə muxalifət edin.Siz o gündən  bir gün əvvəl və bir gün sonra da oruc tutun."[5] 

İkinci olaraq: Doqquzuncu gün oruc tutmaq yalnız cümə gününü oruc tutmaq qadağan olunduğu kimi aşura günü tək oruc tutmaması üçündür.

Üçüncü hikmət isə : Bəzən hilalı görməkdə insanlar xəta edirlər.O xətaya görə bəzən  doqquzuncu gün  elə aşura günü olur.
Hənəfilər və Şafilər doqquzuncu günü oruc tutmasa o zaman  on birinci günü oruc tutmağı müstəhəb görmüşlər.
İmam Şafidən üç günü oruc tutmağı müstəhəb gördüyü də rəvayət olunmuşdur.

AŞURA ORUCUNU TUTMAQ MƏRTƏBƏLƏRİ ÜÇDÜR.

Bu haqda İmam İbn Qayyim  (رحمه الله ) Zədul-Məad kitabında belə demişdir : "Aşura orucunun mərtəbələri üçdür.Ən kamil olanı Aşura günü ilə birlikdə  bir gün öncə və bir gün sonra oruc tutmaqdır.Ən sevimli olanı doqquzuncu günü və onuncu günü oruc tutmaqdır.Hədislərin əksəriyyəti bu üzərədir.Daha sonra onuncu günü tək oruc tutmaqdır."[6]

Yazdı : Əbu Fadl 
Va sallallahu aləNəbiyyinə Muhəmməd va alə əlihi va səhbihi əcməin.
-----------------------------------
telegram.me/AbuFadl1987

[1] əl-Buxari 2004, Muslim 1130
[2] Muslim 2803
[3] əl-Buxari 2003
[4] Muslim 2723
[5] Əhməd 1/241 (Hədis zəif hədisdir.)
[6] Zədul-Məad 2/75

Hiç yorum yok: