"Qəzəblənmə! Sənə Cənnət vardır."

Written by


Əbu Hureyra (radiyəllahu anhu) rəvayət edir ki,(bir dəfə)bir kişi, Rasulullahın (sallallahu aleyhi va səlləm) yanına gəlib: "Mənə nəsihət et" dedi.Rasulullah (sallallahu aleyhi va səlləm) buyurdu : "Qəzəblənmə!” Adam dediyini bir neçə dəfə təkrar etdi. Rasulullah (sallallahu aleyhi va səlləm) dedi:  "Qəzəblənmə!”
əl-Buxari 6116

HƏDİSİN ŞƏRHİ  : Hədisdə keçən “bir kişi” Cəriyə bin Qudamədir.Hədisdə səhabələrin gözəl sual verməsinə dair gözəl örnək vardır.Çünki onlar, özlərinə fayda verən mövzularda sual verərdilər.

Səhabənin Rasulullaha (sallallahu aleyhi va səlləm) "Mənə nəsihət et" deməsi,  səhabənin xeyiri öyrənməyə həris olmasına və onunla əməl etmək istəyinə dəlildir. Başqa səhabələrdən də  dəfələrlə "Mənə nəsihət et" deyərək nəsihət istəmələri rəvayət edilmişdir. Rasulullahdan (sallallahu aleyhi va səlləm) nəsihət istəyən səhabələrə hər dəfə fərqli-fərqli nəsihətlər etmişdir. Alimlər deyirlər ki, Rasulullah (sallallahu aleyhi va səlləm) nəsihət istəyənin halına görə, ona nə fayda verəcəksə onu nəsihət edərdi. Məsələn, bir kişidə qəzəb görərsə, ona qəzəblənməməyi nəsihət edərdi və ya hansı məsələdə onda bir boşluq görərdisə, o mövzu haqqında nəsihət edərdi.

Bu bizə onu göstərir ki, himayəmizdə olan insanların hər birinə fərqli yanaşmalıyıq. Eləcə də dinləyən adamın mövzunun mühimliliyini dərk etməsi üçün sözü təkrarlamaqda fayda vardır. Hədisdə, Rasulullah (sallallahu aleyhi va səlləm) bizə hər bir fərdin ehtiyacına və anlayışına uyğun nəsihət etməyimizi öyrədir. Əksi də belədir, yəni, hər hansısa bir fərdin ehtiyac duymadığı və anlamayacağı tərzdə nəsihət etməməyimizi bizə göstərir.

Hədisdə adamın təkrar nəsihət istəməsi, sanki  "Qəzəblənmə" sözünü kifayət görmədiyindən dolayı idi və təkrar olaraq yenə nəsihət istədi.Bunu bilməliyik ki, nəsihətin böyüklüyü,faydalı və bərəkətli olması, o nəsihətin neçə kəlimədən ibarət olmasına bağlı deyil.Nəsihətin bərəkətli olması, onunla əməl etməklədir.Qəzəblənməmək insanı bir çox xeyirə aparır.Diqqət etsək görərik ki, günahlar iki səbəbdən ortaya çıxır.

Birinci səbəb qəzəb, İkinci səbəb isə şəhvətdir.

Qəzəb, sayılmayacaq qədər günahların işlənməsinə səbəbdir.Qəzəb bir çox şərrin anasıdır desək yanılmarıq. Çünki ağlı başında olan insan belə qəzəbli halda pis işlər və qatı cinayət törədə bilər. Məsələn : Qeybətin əsas səbəbi qəzəbdir.Söyüş söyməyin əsas səbəbi qəzəbdir.Lənət etmək, vurmaq,qətl ,haqsız yerə bir insanın qanının axıdılması,bu və digər günahların başlıca səbəbi qəzəbdir.Kim özünü qəzəb anında tutarsa, bir çox şərdən qorunmuş olar.Bütün müharibələr qəzəb səbəbilə başlayıb, milyonlarla insan qəzəb səbəbilə ölüb.Neçə-neçə ailə qəzəb səbəbilə dağılıb və övladlar gözü yaşlı qalıb.Və neçə-neçə qohumluq və qonşuluq bağları qəzəb səbəbilə qopub.Ona görə də bu nəsihətə diqqət etdikdə görürük ki, bu nəsihət, az qala İslamın yarısını özündə ehtiva edir.
Rasulullah (sallallahu aleyhi va səlləm) adama "Qəzəblənmə" deyə nəsihət etdi.Burda bir sual ortaya çıxır.Əslində qəzəblənmək, qəlbin əməlidir.Bəzən də, insanın iradəsi xaricində olan bir şeydir.Bəs o zaman,Rasulullah (sallallahu aleyhi va səlləm) bizim iradəmizdə olmayan bir şeydən çəkindirir?

Alimlər demişlər ki, qəzəblənməkdən çəkindirməkdə məqsəd, qəzəblənməyə səbəb olacaq şeylərdən uzaq durmaqdır.

Qəzəbi müalicə etmək üçün iki növ dəva vardır. Qəzəblənməyə mane olan və qəzəbləndikdən sonra qəzəbi aradan qaldıran.

Qəzəbin qarşısını alan dəva.
•Səbrli olmaq
Rasulullah (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur :(Hamını) yıxmaq güclü olmaq demək deyil. Güclü o kəsdir ki, qəzəbləndikdə özünü saxlaya bilsin.”[Ədəbu-l-Mufrad 1317]

•Hər şeyi geniş düşünmək.

•Qəzəbinə qalib gələnə, Allahın o şəxsə,cənnətdə hansı nemətləri saxladığını xatırlamaq.
Rasulullah (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur :”Kim qəzəblənərək özündən çıxa biləcəyi halda qəzəbini boğarsa, Uca Allah, Qiyamət günü onu məxluqlarının qarşısına çağıracaq və hurilərdən istədiyini seçməkdə onu sərbəst buraxacaq.”[Əbu Dəvud 4777]

Əgər qəzəblənmək baş verərsə, qəzəbi bu şəkildə aradan qaldırmaq mümkündür.
•İlk olaraq qəzəblənən ayaq üstədirsə oturmalı və ya uzanmalıdır.
Rasulullah (sallallahu aleyhi va səlləm ) belə buyurmuşdur: "Qoy sizdən biri qəzəbləndiyi zaman otursun. Qəzəbi soyumasa, uzansın". [Səhihul-Cəmi 694]

•İkinci dəva : Dəstəmaz almaqdır.
Rasulullah (sallallahu aleyhi va səlləm ) belə buyurmuşdur: “Qəzəb şeytandır, şeytan da oddan yaradılıb, od isə su ilə sönür.Belə isə,biriniz qəzəbləndikdə dəstəmaz alsın.”[Əbu Davud 4784]

Üçüncü dəva : Susmaq və o yeri tərk etmək.
Rasulullah (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur: “Qoy sizdən biri qəzəbləndiyi zaman sussun.” [Musnəd Əhməd 1/239]

Dördüncü dəva : Şeytandan Allaha sığın.Çünki insan qəzəbləndiyi zaman, şeytan ona vəsvəsə verir.
Rasulullah (sallallahu aleyhi va səlləm) qəzəbli bir adamı gördükdə belə buyurmuşdur: "Mən elə bir kəlmə bilirəm ki, əgər o bunu desə, qəzəb hissi ondan gedər!" Bir nəfər gedib Peyğəmbərin (ona Allahın salavatı və salamı oldu) dediyini ona bildirdi və: "Məlun şeytandan Allaha sığın!" - dedi. [Buxari 6048]

İnsan qəzəbləndikdə şeytan sevinir.Ona görə ki, qəzəblənmək böyük problemlərə yol açır.Məhz buna görə də müsəlman nəsihət almağa, cənnətə gedən yolları öyrənməyə həris olmalıdır. Hədis, dilin afətlərindən uzaq durmağa, qəzəblənmənin səbəblərindən və onun nəticələrindən feli və sözlü olaraq uzaq durmağa təşfiq edir.
Unutmayaq ki, hər bir müsəlmana ən gözəl əxlaqla əxlaqlanmaq vacibdir.

✍ Əbu Fadl

Hiç yorum yok: